Müstəqil məhkəmə ilə Avropaya inteqrasiya arasında hansı əlaqə var?

17 iyun 2022-ci ildə Avropa Komissiyası Gürcüstanı namizəd statusu əldə etmək üçün 12 tövsiyəni yerinə yetirməyə çağırıb ki, bunlardan biri də ədliyyə sistemində islahatların həyata keçirilməsi olub. Bu məqalədə ekspertlər və hüquqşünaslarla birlikdə “məhkəmənin düzgün işləməsinin Avropaya gedən yolda hansı rolu var” sualına cavab verməyə çalışacağıq.

Məhkəmə müstəqilliyi olmayan demokratik dövlət varmı?

Yox! Qanun da bizə açıq şəkildə deyir ki, məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin digər qollarından müstəqil olmalıdır!

SAIS-ın Demokratik Təsisatlara Dəstək Proqramının direktoru Nanuka Kruaşvili müstəqil məhkəməni demokratik dövlətin təməl daşı adlandırır və bildirir ki, bütün qurumların düzgün işləməsi son nəticədə məhkəmənin düzgün işləməsindən asılıdır.

“Hətta qanunvericilik və icraedici orqanlarda təhlükə yarandıqda belə, məhkəmə o zəncir və kiçik halqa olmalıdır ki, bu problemi qərəzsiz və müstəqil həll etsin”, – Kruaşvili qeyd edir.

Sosial Ədalət Mərkəzinin hüquqşünası Ana Papuaşvili bildirir ki, Gürcüstan kimi uzun illər demokratiya təcrübəsi olmayan və hələ də demokratik təsisatların qurulması prosesində olan bir ölkə üçün məhkəmə sisteminin düzgün işləməsi həyati əhəmiyyət kəsb edir.

Açıq Cəmiyyət Fondunun Avropaya inteqrasiya proqramının meneceri Vano Çxikvadze isə izah edir ki, məhkəmə dövlət hakimiyyətin müxtəlif qollarının səlahiyyətlərinin tarazlaşdırılmasında çox böyük rol oynayan yoxlanılma mexanizmi və demokratiyanın əsas sütunlarından biridir.

Əgər müstəqil məhkəməmiz olmasa, Avropa Birliyinə üzv ola bilərikmi?

Avropa Komissiyasının verdiyi tövsiyələrdən əlavə, Gürcüstanın Avropa Birliyinə daxil olması üçün məhkəmələrin müstəqilliyi öhdəliyini həmçinin Kopenhagen meyarları və Assosiasiya Sazişi də qoyur. Ona görə də respondentlərimiz ölkənin uğurlu Avropa inteqrasiyası prosesinin asılı olduğu əsas məsələ kimi məhkəmə islahatlarını qeyd edirlər.

Papuaşvilinin sözlərinə görə, məhkəmə sistemi insan hüquqlarının qorunması, o cümlədən Avropa İttifaqının reallaşdırmağa xidmət etdiyi firəvanlıq ilə birbaşa bağlıdır. Buna görə də təəccüblü deyil ki, Avropa Komissiyasının verdiyi tövsiyələrdə xüsusi diqqət məhkəmə sistemin işləməsinə aiddir və bu, ən geniş bənddir.

Kruashvili isə qeyd edir ki, müstəqil məhkəmənin zəruriliyinin ictimaiyyətə aydın olması üçün Avropa təcrübəsini başa düşmək vacibdir. Gürcüstan vətəndaşlarının üzləşdiyi sosial problemlər bilavasitə məhkəmə və onun müstəqilliyi ilə bağlıdır və təəssüf ki, cəmiyyət bunu hələ də dərk edə bilmir.

“Əgər bu gün kiminsə çörəyə pulu yoxdursa, bunun məhkəmədə korrupsioner və ya korrupsiyaya bulaşmış hakimlərin günahı olduğunu dərk etmirlər. Sistemin sağlamlığı buradan başlayır. Məhkəmə sistemimizdə korrupsiya və klan idarəçiliyinin olması o deməkdir ki, onlar bütün siyasi gündəmə və  insan haqlarına təsir edən qərarlar verirlər” – hüquqşünas qeyd edir.

Bununla belə, müstəqil məhkəmə Avropa ailəsinə qoşulmaq üçün bu qədər vacibdirmi?

Bəli. Kruaşvili vurğulayır ki, müstəqil məhkəmə Avropa Birliyində çox mühüm dəyərdir, çünki üzv ölkələrdə ictimai maraqlar əsasdır, iqtidar və ya müxalifət partiyaların maraqları deyil. O qeyd edir ki, əgər vətəndaşlar dövlətdə özlərini təhlükəsiz hiss etmirlərsə, deməli, məhkəmə hakimiyyəti faktiki olaraq heç nə etmir və demokratik dövlət quruculuğuna töhfə vermir.

“Müstəqil məhkəməmiz olmadığına görə, belə çıxır ki, Avropa ailəsi bizi qəbul edə bilməz. O, bizim üçün konkret standart müəyyən edib ki, bu da, tamamilə qanunidir.” – Nanuka Kruaşvili bildirir.

Son olaraq Avropa Birliyi sistemimizi təkmilləşdirmək üçün nəsə etdimi?

Əlbəttə!

Vano Çxikvadze izah edir ki, Avropa İttifaqı ədliyyə islahatlarının dörd dalğasının hamısında Gürcüstanı dəstəkləyib. Həmçinin o, dövlətə həm ekspertiza, həm də maliyyə baxımından kömək edirdi. Üstəlik, bu günə qədər Gürcüstan Aİ-dən maliyyə yardımı alır.

“Avropa strukturları Gürcüstana tövsiyə və nəticələrlə kömək edirlər. Bundan əlavə, həm maddi, həm də infrastruktur dəstəyi elan edirlər və onlar məhkəmə sistemini sadə vətəndaşlar üçün daha əlçatan etməyə çalışırlar.” – Ana Papuaşvili qeyd edir.

Nanuka Kruaşvili bildirir ki, dəstək ondan əvvəl də var idi, lakin 2014-cü ildə Assosiasiya Sazişinin imzalanmasından sonra daha da fəallaşdı və ayrı-ayrı strukturlar davamlı olaraq ölkənin Avropa standartlarına yaxınlaşması üçün nə etməli olduğuna dair tövsiyələr verirlər. O, həmçinin qeyd edir ki, Avropa ölkələri ABŞ-la birlikdə, ədliyyə islahatları ilə bağlı layihələrdə mülki sektora da həm maliyyə, həm də məzmun baxımından dəstək verirdilər.

Bu məqalə On.ge tərəfindən USAID-in Qanunun Aliliyi Proqramının dəstəyi ilə hazırlanıb. Proqram ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilir. On.ge məqalənin məzmununa görə tam məsuliyyət daşıyır və məqalədə ifadə olunan fikirlər yuxarıda qeyd olunan beynəlxalq təşkilatların fikirlərini əks etdirməyə bilər.

ორიგინალი ლინკი: https://go.on.ge/39yk