Məhkəmə necə işləyir – qısaca
Nə vaxt ki, biz gürcü məhkəmə sistemindən danışırıq, yalnız klan, siyasiləşmiş ədalət mühakiməsi, tənqidi bəyanatlar, məşhur və nüfuzdan düşmüş hakimlərin adları yada düşür. Vətəndaşların bir qisminin məhkəmədəki mövcud problemlər, sistemin işləməsi və ədalətli məhkəmənin nəyə lazım olduğu haqqında çox az məlumatı var.
Vətəndaş iştiraklılığının vacibliyinin dərk edilməsi və marağın artması üçün ictimaiyyət məhkəmə sistemi ilə tanış olmalıdır. Bu yazıda hansı növ məhkəmələrə sahib olduğumuzu, hansına nə vaxt müraciət edə biləcəyimizi və onların necə fəaliyyət göstərdiyini qısa və sadə şəkildə izah etməyə çalışacağıq.
Məhkəmə hakimiyyəti nə deməkdir?
Yəqin ki, dövlət hakimiyyətinin üç qolu – qanunverici, icraedici və məhkəmə hakimiyyəti haqqında dəfələrlə eşitmisiniz.
“Ümumi məhkəmələr haqqında” qanun bizə deyir ki, məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin digər qollarından müstəqildir və yalnız məhkəmələr həyata keçirirlər. Qanun həmçinin izah edir ki, ədalət mühakiməsi məhkəmə hakimiyyətinin həyata keçirilməsi formalarından biridir və mülki, inzibati və cinayət məhkəmə icraatı vasitəsilə ümumi məhkəmələr tərəfindən həyata keçirilir.
Gürcüstanın ümumi məhkəmələr sistemi 3 hissəyə bölünür:
- Rayon (şəhər) Məhkəməsi;
- Apellyasiya Məhkəməsi;
- Kassasiya (Ali) Məhkəməsi;
Gürcüstanda həmçinin Konstitusiya Məhkəməsi də fəaliyyət göstərir ki, bu da ümumi məhkəmələr sisteminə daxil deyil. Konstitusiya məhkəməsi, konstitusiyanın aliliyini və qanununiliyini, insan hüquq və azadlıqlarının müdafiəsini təmin edən konstitusiya nəzarətinin məhkəmə orqanıdır.
Reallıqda bunu demək bizim üçün çətin olacaq, lakin qanuna görə, Ali Ədliyyə Şurası məhkəmənin (hakimin) müstəqilliyini, ədalət mühakiməsinin keyfiyyətini və effektivliyini təmin etmək üçün mövcuddur. Onun səlahiyyətlərinə hakimlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, kvalifikasiya imtahanlarının təşkili, məhkəmə islahatları ilə bağlı təkliflərin hazırlanması və sairə daxildir.
Rayon (şəhər) Məhkəməsi necə işləyir?
Bu, həqiqəti müəyyən etmək üçün mübarizəyə başladığınız ilk instansiyadır. Rayon (şəhər) Məhkəməsi işə təkbaşına və yaxud qanunla nəzərdə tutulmuş hallarda kollegial qaydada 3 hakimdən ibarət tərkibdə baxır.
- Rayon Məhkəməsi bələdiyyədə yaradılır;
- Şəhər Məhkəməsi isə özünü idarə edən şəhərdə yaradılır.
Şəhər məhkəməsinin yurisdiksiyasına özünü idarə edən şəhərlə yanaşı bələdiyyə də daxil ola bilər.
Apellyasiya Məhkəməsi necə işləyir?
Ümumi məhkəmələr sistemində iki – Tbilisi və Kutaisi Apellyasiya Məhkəməsi fəaliyyət göstərir. Apellyasiya Məhkəməsi ikinci instansiyadır ki, kollegial olaraq 3 hakimdən ibarət tərkib ilə birinci instansiya məhkəməsinin qərarlarından verilmiş şikayətlərə baxır.
Tbilisi Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aşağıdakılar daxildir:
- Axalkalaki, Axalsixe, Bolnisi, Qori, Gürcaani, Tetritskaro, Telavi, Mçxeta, Siqnaxi, Suxumi və Qaqra-Qudauti, Xaşuri Rayon Məhkəmələrinin, həmçinin Tbilisi və Rustavi Şəhər Məhkəmələrinin yurisdiksiyası;
Kutaisi Apellyasiya Məhkəməsinin yurisdiksiyasına isə aşağıdakılar daxildir:
- Abaşı, Ambrolauri, Bağdati, Qali-Gulripshi və Ochamchire-Tkvarcheli, Vani, Zestafoni, Zuqdidi, Lentexi, Martvili, Mestia, Ozurgeti, Samtredi, Sachkheri, Senaki,Tğibuli,Tsalencixa, Tskaltubo, Xelvaçauri, Xobi və Xoni Rayon Məhkəmələrinin, həmçinin Batumi, Poti və Kutaisi Şəhər Məhkəmələrinin yurisdiksiyası;
Ali Məhkəmə necə işləyir?
Ali Məhkəmə Gürcüstanın bütün ərazisində ədalət mühakiməsinin həyata keçirildiyi ali və ən son məhkəmə instansiyasının kassasiya məhkəməsidir. O, ölkənin ümumi məhkəmələrində ədalət mühakiməsinin həyata keçirilməsinə nəzarət edir.
Ali Məhkəmədə yaradılır:
- Mülki İşlər Palatası;
- İnzibati İşlər Palatası;
- Cinayət İşləri Palatası;
- Böyük Palata;
- Plenum;
- İntizam Palatası;
- Kvalifikasiya Palatası;
Kim hakim ola bilməz ?
Qanun bizə deyir ki, yaşı 30-dan yuxarı olan əmək qabiliyyətli Gürcüstan vətəndaşı ümumi məhkəmələrin hakimi vəzifəsinə təyin edilə\seçilə bilər, hansı ki;
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsili var. Burada magistratura pilləsindən və ya ona bərabər tutulan elmi dərəcədən/ali təhsil diplomundan aşağı olmayan ali təhsil nəzərdə tutulur;
- Ən azı 5 il hüquqşünaslıq ixtisası üzrə iş təcrübəsi var;
- Dövlət dilini bilir;
- Hakimliyə qəbul üzrə kvalifikasiya imtahanından keçmişdir;
- Ali Ədliyyə Məktəbinin tam təlim kursunu bitirmiş və Ədliyyə dinləyicilərinin kvalifikasiya siyahısına daxil edilmişdir;
Aşağıdakılar şəxslər hakim vəzifəsinə təyin edilə/seçilə bilməzlər:
- Əvvəllər məhkum edilmiş şəxs;
- Hakim vəzifəsindən konkret əsaslarla azad edilmiş şəxs;
Hakim vəzifəsinə namizəd iki əsas meyar – vicdanlılıq və səriştəlilik əsasında seçilir.
Məhkəməyə necə müraciət etmək olar?
Hər bir insanın məhkəməyə müraciət etmək hüququ var. Bu, ərizə və ya Ədliyyə Şurası tərəfindən təsdiq edilmiş blanklar vasitəsilə mümkündür. Müraciət etməzdən əvvəl yaxşı olardı ki, vəkil xidməti və ya məsləhətindən istifadə edəsiniz.
Bundan sonra ərizə və ya doldurulmuş blankı iş günlərində, bazar ertəsindən cümə gününə qədər, saat 09:30-dan 18:00-dək Vətəndaşlara Xidmət Mərkəzinə təqdim etməlisiniz.
- Əlavə məlumat üçün Ümumi Məhkəmələrin Məlumat Mərkəzinin “1545” nömrəsinə zəng edərək əlaqə saxlaya bilərsiniz.
Hazırkı işiniz haqqında məlumatı https://ecd.court.ge/ veb saytından əldə edə bilərsiniz. Xüsusilə, iddia ərizəsinin qeydiyyatı zamanı sizə istifadəçi adı və şifrə veriləcək. İstifadəçi adı və şifrə ilə yuxarıda qeyd edilmiş veb sayta daxil olduqdan sonra sizin işinizə baxan hakim, təyin edilmiş iclas və icraatın müvafiq mərhələləri haqqında məlumatların yer aldığı şəxsi səhifənizi görəcəksiniz. Onlayn xidmətdən istifadə edə bilmirsinizsə, məlumat mərkəzinə müraciət edə bilərsiniz.
Siz həmçinin, iclasın tarixi və işinizlə bağlı digər məlumatları əldə etmək üçün veb saytda və yaxud məhkəmə tərəfindən göndərilmiş müvafiq bildirişdə qeyd edilən daxili nömrəyə zəng edərək hakimin köməkçisi ilə əlaqə saxlaya bilərsiniz.
Bu məqalə On.ge tərəfindən USAID-in Qanunun Aliliyi Proqramının dəstəyi ilə hazırlanıb. Proqram ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilir. On.ge məqalənin məzmununa görə tam məsuliyyət daşıyır və məqalədə ifadə olunan fikirlər yuxarıda qeyd olunan beynəlxalq təşkilatların fikirlərini əks etdirməyə bilər.