Andlılar məhkəməsi haqqında nəyi bilməlisən?

Andlılar Məhkəməsi 12 vətəndaşdan ibarət heyətdir və hakim əvəzinə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasına qərar verir. Prosesdə hakim, müdafiə və ittiham tərəfləri də iştirak edir.

Andlılar məhkəməsi ağır cinayətlər kateqoriyasına aid olan işlərə baxır. Bu qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma, insan orqanlarının alveri, qanunsuz azadlıqdan məhrum etmə, girov götürmə, alçaldıcı və ya qeyri-insani rəftar, təqsirsiz şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, qanunsuz olaraq psixiatriya müəssisəsinə yerləşdirmə və sairə ola bilər.

Bu növ məhkəmədə işə baxılması müdafiə tərəfinin istəyinə bağlıdır. Belə ki, müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun vəkili) məhkəməyəqədərki mərhələdə hakim qarşısında işinə andlılar məhkəməsi tərəfindən baxılması haqqında öz istəyini bildirir. Bunun üçün, həmin şəxsə qarşı irəli sürülən ittihamın andlılar məhkəməsinin baxdığı cinayətlər siyahısında olması kifayətdir.

Andlı iclasçılar necə seçilir?

Birinci mərhələ təsadüfi seçim prinsipi əsasında andlı içlasçılığa namizədlərin siyahısının tərtibi ilə başlayır. Belə ki, ittiham və müdafiə tərəfi hər hansı bir rəqəm kombinasiyasını, məsələn, 123-ü qeyd edir.  Bundan sonra Gürcüstanın vətəndaşlıq reyestrinin məlumat bazasında hər 123-cü şəxs yetkinlik yaşına çatmış vətəndaşların vahid siyahısından seçilir.

Andlı iclasçıların ilkin siyahısı, bir qayda olaraq, 300-dən çox olmayan vətəndaşdan ibarətdir ki, onlardan da 12 əsas və 2 ehtiyat andlı iclasçı seçilir. Az ağır cinayətlər kateqoriyasına aid işlərdə ən azı 6, ağır cinayətlər kateqoriyasına aid işlərdə isə ən azı 8 andlı iclasçının iştirakı mütləqdir.

Kim andlı iclasçı ola bilər/bilməz?

Rəsmi tərifə görə, dövlət dilini bilən, məhkəmə prosesinin hansı rayon məhkəməsində keçirilməsinə uyğun olaraq Şərqi və ya Qərbi Gürcüstanda yaşayan, andlı iclasçı vəzifəsini yerinə yetirmək üçün zəruri fiziki və ya əqli qabiliyyətlərə malik olan yetkinlik yaşına çatmış hər bir Gürcüstan vətəndaşı andlı iclasçı ola bilər.

Qanuna görə, aşağıdakı siyahıda göstərilən şəxslər andlı iclasçı ola bilməzlər.

  • Dövlət-siyasi vəzifəli şəxs;;
  • Hüquqşünas;
  • İttihamçı;
  • Müstəntiq;
  • Polis;
  • Hərbi qulluqçular;
  • Din xadimi;
  • Eyni iş üzrə cinayət prosesinin iştirakçısı;
  • Təqsirləndirilən şəxs;
  • Az miqdarda narkotik vasitə qəbul etdiyinə görə inzibati tənbeh (cəza) kəsilən şəxs;
  • Əvvəllər məhkum edilmiş şəxs;

Rəyinə və ya şəxsi təcrübələrinə görə prosesdə iştirakı ədalətsiz sayılan insanlar da seçimdən kənarda qalırlar. Məsələn, zorakılıq işində  zorakılığın qurbanı olmuş şəxs andlı iclasçı ola bilməz.

Əgər andlı iclasçı kimi çağırılmısınızsa, necə davranmalısınız?

Əgər siz artıq siyahıdasınızsa, hakim sizə tərəflərlə razılaşdırılmış sorğu vərəqəsini yaşayış ünvanınıza göndərəcək və siz onu cavablandırıb müəyyən olunmuş müddətdə qaytarmağa borclusunuz.

Bu proses sizi məhkəməyə gəlməkdən azad etmir. Bu, sadəcə olaraq potensial andlı iclasçılarla daha yaxından tanış olmaq üçün əlavə üsuldur.

Andlı iclasçı vəzifəsini yerinə yetirməkdən imtina etmək olar?

Bəli. Gürcüstan qanunvericiliyi aşağıdakı hallarda namizədin andlı iclasçı vəzifəsini yerinə yetirməkdən imtinasını nəzərə alır, əgər:

  • Siz artıq son bir ildə andlı iclasçı olmusunuzsa;
  • Əvəz olunmağınız əhəmiyyətli dərəcədə zərər verəcək bir işi yerinə yetirirsinizsə;
  • Sağlamlığınız sizə mane olursa;
  • Siz uzun müddətdir Gürcüstandan kənarda qalır və ya səyahət edirsinizsə;
  • 70 yaşı keçibsinizsə;

Andlı iclasçıların seçilməsi iclası

İclasda andlı iclasçılığa namizədlər siyahısından 12 nəfərlik tərkib seçilməlidir.

Məhz burada namizəd hakimin qarşısında özünün andlı iclasçılığdan kənarlaşdırılması barədə vəsatət verə və ona mane olan halları bildirə bilər. Lakin buna qədər hakim toplaşanlara hüquq və vəzifələrini izah edir, tərəflər isə namizədlərə istədikləri sualları verməyə başlayırlar.

İttiham və müdafiə tərəflərinin andlı iclasçılığına namizəd olan bir neçə şəxsin kənarlaşdırılmasını tələb etmək hüququ var. Bundan sonra məhkəmə iclasının sədri qalan on iki namizədi andlı iclasçı təyin edir, iki nəfər isə işə baxılmasına ehtiyat andlı iclasçı kimi cəlb edilir.

Verdikt necə çıxarılır ?

Andli iclasçıların yekun qərarı verdikt adlanır. Bu, ittiham və ya bəraət hökmü ola bilər.

İş müşavirə otağında müzakirə edilir və oradaca qərar qəbul edilir.  Əvvəlcə irəli sürülən bütün ittihamlar üzrə bəraət hökmü səsverməyə qoyulur, hökm çıxarmaq (qərar qəbul etmək) mümkün olmadıqda, ittiham hökmü ittihamın ağırlığının artan ardıcıllığı ilə səsverməyə qoyulur.

Hər bir andlı iclasçı öz fikrini bildirir və səsverməkdən çəkinmək (bitərəf qalmaq) hüququna malik deyil. Əgər andlılar məhkəməsi 4 saat ərzində yekdil qərara gələ bilmədikdə, qərar növbəti 8 saat ərzində səs çoxluğu ilə qəbul edilir.

Andlı iclasçılıq vəzifəsinin icrası üçün ödəniş edilmir.Buna baxmayaraq, andlı iclasçı və andlı iclasçılığa namizəd öz vəzifələrinin icrası ilə birbaşa əlaqədar olan bütün xərclərin dövlət tərəfindən vaxtında ödənilməsi (kompensasiya) hüququna malikdirlər.Həmçinin, işləyən şəxs məhkəmə prosesində andlı iclasçı kimi iştirak etdiyi zaman iş yeri və əmək haqqı qorunub-saxlanılır.

Əgər andlı iclasçılığa namizəd göstərilən vaxtda məhkəməyə gəlməzsə, o, 500-dən 1000 lariyə qədər cərimələnəcək. Üzrlü səbəb olmadan işə mahiyyəti üzrə baxılarkən məhkəməyə gəlməmək isə 1000-1500 lari məbləğində cərimə edilir. Verilmiş vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə də eyni məbləğdə cərimə tutulur.

Məhkəmə müşavirəsi və səsverməsinin məxfiliyinin pozulması iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalanır. Andlı iclasçı və ya andlı iclasçılığa namizəd tərəfindən andlı iclasçılıq ilə əlaqəli uyğunsuzluq barəsində məlumatın məhkəməyə təqdim edilməməsi və ya bilərəkdən yalan məlumat verilməsi isə cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu məqalə On.ge tərəfindən USAID-in Qanunun Aliliyi Proqramının dəstəyi ilə hazırlanıb. Proqram ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilir. On.ge məqalənin məzmununa görə tam məsuliyyət daşıyır və məqalədə ifadə olunan fikirlər yuxarıda qeyd olunan beynəlxalq təşkilatların fikirlərini əks etdirməyə bilər.