“Rus qanunu”na qarşı hüquqi mübarizə davam edir
“Rus qanunu”na qarşı Konstitusiya Məhkəməsinə daha üç şikayət verilib. Prezident və vətəndaş sektorundan sonra müxalifətçi deputatlar qrupu da məhkəməyə müraciət ediblər. Bu həftə “Dağ Xəbərləri” də Konstitusiya Məhkəməsinə daha bir şikayət ərizəsi təqdim edəcək.
“Gürcüstan Prezidenti Gürcüstanın Konstitusiya Məhkəməsinə ilk olaraq müraciət edib. Şikayət “Xarici təsirin şəffaflığı qanunu”, yəni “rus qanunu” ilə bağlıdır. Qeyd olunan qanun Konstitusiyaya uyğun deyil. Bu qanun Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə ziddir.
İddia ilə həm də Konstitusiya ilə təmin edilmiş bir sıra əsas hüquqları pozan bir sıra qanun normaları da şikayət olunub. Prezident bu iddia ilə sözügedən qanunun fəaliyyətinin dayandırılmasını və onun qəti şəkildə ləğv edilməsini tələb edir” – Gürcüstan Prezidenti.
İddianın əsas tələblərindən biri də bu qanunun Konstitusiyanın 78-ci maddəsinə uyğunsuzluğunun müəyyən edilməsidir. Konstitusiya Məhkəməsi üçün sözügedən iddia ona görə presedentdir ki, indiyədək hakimlər Konstitusiyanın qeyd olunan maddəsinin pozulması ilə bağlı heç vaxt hökm çıxarmayıblar:
“Xarici təsirin şəffaflığı ilə bağlı Gürcüstan qanunu mahiyyətcə və funksional olaraq Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə ziddir. Gürcüstan Konstitusiyasının 78-ci maddəsi Avropa və Avro-Atlantik strukturlara inteqrasiyanın dövlət orqanlarının fəaliyyətinin mühüm məqsədi olduğunu təsbit edir. Qeyd olunan Konstitusiya normasında deyilir: “Konstitusiya orqanları Gürcüstanın Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına tam inteqrasiyasını təmin etmək üçün öz səlahiyyətləri daxilində bütün tədbirləri görməlidirlər” – Salome Zurabişvilinin şikayətində qeyd olunub.
Konstitusiyanın 78-ci maddəsi Konstitusiya orqanlarına Avropa və Avro-Atlantik strukturlara inteqrasiyanı təmin etmək öhdəliyi qoyur.
Qeyd olunan qanunun, birləşmək azadlığını nəzərdə tutan Gürcüstan Konstitusiyasının 22-ci maddəsi ilə uyğunsuzluğu da vurğulanıb:
“Mübahisəli qanunun 2-ci maddəsi faktiki olaraq xarici dövlətin maraqlarını daşıyan təşkilat statusu altında damğa yaradır. Bu da vətəndaş cəmiyyətinin fəal üzvlərinin damğalanmasına gətirib çıxarır. Yekun nəticədə birləşmək azadlığına əhəmiyyətli təsir göstərir. Reyestrdə qeydiyyatdan keçmək və maliyyə bəyannaməsi təqdim etmək öhdəliyinə gəlincə, bu birləşmək azadlığına, xüsusən də birliklərin fəaliyyət azadlığı prosesinə müdaxilə formasında qarışmağı ifadə edir ki, bu da yekun nəticədə əsas hüququn tam həyata keçirilməsinə mühüm təsir göstərir. Belə qaydalar ilə əsas maliyyə qaynaqları xarici mənbələrdən olan qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi mümkünsüz olur, maliyyə olmadığı halda isə onların fəaliyyətini həyata keçirmək praktiki olaraq mümkünsüz olur” – Şikayətdə qeyd olunub.
“Rus qanunu”na qarşı çıxan bütün iddiaçılar işin yekun müzakirəsinə qədər ziyan verici qanunun qüvvəyə minməsinin dayandırılmasını tələb edir.
Konstitusiya Məhkəməsi bildirib ki, materialların araşdırılması üçün minimum bir ay vaxt lazımdır.
QvemoQartli.ge