Mənim fikrimcə, bu qanun qeyri-hökumət təşkilatlarının zəifləməsinə və ləğv edilməsinə xidmət göstərir – Şaumyan İcma Mərkəzi

Gürcüstan Parlamenti vətəndaşların fəal etirazlarına və Qərb tərəfdaşlarının müraciətlərinə baxmayaraq, “Agentlər qanunu” kimi tanınan – “Xarici təsirin şəffaflığı” qanunvericilik təşəbbüsünü dəstəkləyib.

Qanunun qüvvəyə minməsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək? Bu barədə Kvemo Kartlinin vətəndaş sektoru nümayəndələri danışırlar. QvemoQartli.ge həmin məqalələr silsiləsini bu ay ərzində sizə təqdim edəcək.

2010-cu ildə Marneuli bələdiyyəsində, Şaumyan Qaçqınlar Qəsəbəsində İcma Mərkəzi təsis edilib. Mərkəzin məqsədi təhsil səviyyəsini yüksəltmək və inkişaf yolu ilə məcburi köçkün şəxslərin, milli azlıqların, ekomiqrantların inteqrasiyası, yaşam tərzinin yaxşılaşdırılmasıdır. Mərkəzin direktoru Natia Okropiridzenin sözlərinə görə, “rus qanunu”nun qüvvəyə minməsindən sonra bütün bu işlər sual altında qalır. O, agent olaraq qeydiyyatdan keçməyi düşünmür:

“Mərkəz köçkün gənclərin şəxsi və peşəkar inkişafına, köçkün, ekomiqrant qadınların sahibkarlıq fəaliyyətinin təşviqinə yardım edir. Biz müxtəlif təşkilatlarla əməkdaşlıq edirik və fəaliyyətimizi genişləndirməyə çalışırıq.

Mərkəzimizin əsas donor təşkilatı Alman Xalq Universiteti, DVV international-dır.  Bizim fəaliyyətimiz peşə hazırlığı, sahibkarlığın təşviqi, gənclərin aktivləşdirilməsi və s. əhatə edir. Qanun qəbul olunandan sonra fəaliyyətimizə necə davam edəcəyimizi bilmirəm.

Mənim fikrimcə, qeyd olunan qanun qeyri-hökumət təşkilatlarını, azad medianı zəiflətməyə və yekun nəticədə onların ləğvinə xidmət edir. Həm də düşünürəm ki, bu qanun cəmiyyətdə stiqma yaradacaq və bu da bizə olan inamı, münasibəti müəyyən qədər dəyişəcək. Ümumilikdə fəaliyyətimizi davam etdirə biləcəyimiz də məlum deyil” – Natia Okropiridze, Şaumyan İcma Mərkəzi.

Biz artıq Rusiya və Belarusiyada qeyd olunan qanuna oxşar qanunvericilik təşəbbüslərinin nəticələrini görürük.

Avropa-Gürcüstan İnstitutunun icmalında bu qanunun Rusiyada minlərlə insanın azadlığı və həyatı bahasına başa gələn avtoritar rejimin ən mühüm nəzarət mexanizmlərindən birinə necə çevrildiyini xronoloji şəkildə görürük.

“Rus tipli qanun inkişaf etməkdə olan demokratiya üçün həyati təhlükədir. Avtoritarizmi gücləndirməklə yanaşı, düzgün nəzarət və tarazlıq, etibarlı, düzgün fəaliyyət göstərən məhkəmə sistemi olmadan, belə bir qanun nəinki vətəndaş cəmiyyətini, bütün müstəqil şəxsləri və ya təşkilatları qula çevirir, həm də qanunun ilkin məqsəd və vəzifələrindən asılı olmayaraq avtoritar şəxsə bu qanundan hər hansı şəxsə ya təşkilata qarşı istifadə etməyə imkan verir” – Avropa-Gürcüstan İnstitutu.

Gürcüstan hakimiyyəti isə bütün bunların baş verdiyi vəziyyətdə bildirir ki, qanunun məqsədi yalnız vətəndaş sektorunun maliyyə şəffaflığını təmin etməkdir.