Hakimiyyət işğalçıların maliyyələşdirdiyi təşkilatlara nəzarət etsin – “Salam” “Rus qanunu” barədə

Gürcüstan Parlamenti vətəndaşların fəal etirazlarına və Qərb tərəfdaşlarının müraciətlərinə baxmayaraq, “Agentlər qanunu” kimi tanınan – “Xarici təsirin şəffaflığı” qanunvericilik təşəbbüsünü dəstəkləyib.

Qanunun qüvvəyə minməsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək? Bu barədə Kvemo Kartlinin vətəndaş sektoru nümayəndələri danışırlar. QvemoQartli.ge həmin məqalələr silsiləsini bu ay ərzində sizə təqdim edəcək.

Qeyri-hökumət təşkilatları qanunun gözlənilən mənfi nəticələri və təhlükələri haqqında danışırlar. Onlar arasında “Salam” təşkilatı da var.

“Salam” 2019-cu ildə təsis edilib və təsis edildikdən sonra Kvemo Kartlidə fəal olaraq işləyir.

Təşkilatın təsisçilərindən biri Rabil İsmayıl bildirir ki, “rus qanunu”nun qüvvəyə minməsindən sonra onların fəaliyyətini davam etdirməsi sual altına düşəcək, ancaq “son dəqiqəyə” qədər işləyəcəklər:

“Gürcüstanda işləyən təşkilatların 99%-i ilk gündən şəffaf şəkildə fəaliyyət göstərir. Bəyannamələr, maddi sənədlər və sayta yerləşdirilən hesabatlar bunun təsdiqidir. Eləcə də qeyd etmək lazımdır ki, donorların hesabatlarında da hansı təşkilatın nə qədər və niyə maliyyələşdirildiyi yayımlanıb. Yaxşı olar ki, hakimiyyət işğalçılar tərəfindən maliyyələşdirilən təşkilatlara, biznesə və siyasi qruplara nəzarət etsin. Yaxşı olar ki, bu qanun Şimal qonşuya deyil, Gürcüstana xidmət göstərsin. Biz şərəfimizi təhqir edən reyestrdə qeydiyyatdan keçməyi, bu kimi siyasət ilə əməkdaşlıq etməyi düşünmürük. Bu deməkdir ki, bizi cərimələyəcəklər və fəaliyyət göstərə bilməyəcəyik. Biz son saata, bacarana qədər işləyəcəyik, lakin, heç bir şərəfi təhqir edən, dövlətə zidd reyetsrdə qeydiyyatdan keçməyəcəyik”- Rabil İsmayıl, “Salam”.

Rabil İsmayıl həmçinin, Avropa perspektivinin itirilməsi təhlükəsini də diqqətə yetirir:

“Rus qanunu avtoritarizmə xidmət edir və bu halda məqsəd Gürcüstanda diktaturanı gücləndirməkdir. Demokratik və Avropa tərəqqisinin dayandırılması, Gürcüstanın təcrid olunması. Cəmi iki aydan artıq vaxt ötüb və artıq iqtisadiyyata mənfi təsir göstərir. İlk günlərdə bəzi təbliğatçılar bunun yalnız təşkilatlara və mediaya təsir edəcəyini deyirdilər. Lakin reallıq başqadır və bütün vətəndaşlara təsir edir. Uşaq, qoca, qadın, kişi, tələbə, fəhlə, hamıya təsir göstərir. Sırf larinin məzənnəsini saxlamaq üçün artıq 168 milyon dollar xərclənib, birbaşa və dolayı investisiyalar itirilib, turistlərin sayı azalıb, bronların 50%-dən çoxu ləğv edilib. Bu seçkiqabağı hökumət üçün böyük siqnaldır. Və təbii ki, sanksiyaya məruz qalanların siyahısı zaman keçdikcə genişlənəcək və bu iqtisadiyyatımıza, Avro-Atlantik məkana siyasi, sosial inteqrasiyamıza əlavə zərbə vuracaq. Ümumiləşdirsək, bu qanun Gürcüstan əhalisinə və Gürcüstanın gələcəyinə xidmət etmir” – Rabil İsmayıl, “Salam”.

“Salam” təşkilatının əməkdaşları etnik azlıqların ehtiyacları üzərində illərdir işləyirlər. Müxtəlif mühüm layihələr onların adı ilə bağlıdır:

“Təşkilatımız 5 il ərzində bir çox layihələr həyata keçirib. Biz 40 000-ə qədər vətəndaşın içməli su, qazlaşdırma, yollar, uşaq bağçaları, məktəblər, fiziki imkanları məhdud şəxs statusu və ya ətraf mühitin mühafizəsi ilə bağlı tələb ilə yerli və ya mərkəzi hakimiyyətə imza ataraq müraciət etdiyi vəkillik prosesləri təşkil etdik. Xeyriyyə aksiyamız çərçivəsində 1000-ə yaxın uşağa kitab, 250-yə yaxın uşağa məktəb ləvazimatları ilə dolu çantalar hədiyyə edildi. 80-dən çox gənc biliklərin möhkəmləndirilməsi üçün təlim-məktəbdən keçmişdir. Kovid pandemiyası zamanı 400-ə yaxın vətəndaş kompensasiya alıb. Və nəhayət, deyərdim ki, ictimai məkanda etnik və dini azlıqların səsi o dərəcədə güclənib ki, “Rus qanunu”nu qəbul edən siyasi “Titanik”i narahat edib” – Rabil İsmayıl, “Salam”.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının tənqidinə baxmayaraq, Gürcüstan hakimiyyəti bildirir ki, qanunun məqsədi yalnız vətəndaş sektorunun maddi şəffaflığını təmin etməkdir.

QvemoQartli.ge