„Bu qanun söz azadlığını boğmaq üçün rus vasitəsidir” – GGHA
Gürcüstan Parlamenti vətəndaşların fəal etirazlarına və Qərb tərəfdaşlarının müraciətlərinə baxmayaraq, “Agentlər qanunu” kimi tanınan – “Xarici təsirin şəffaflığı” qanunvericilik təşəbbüsünü dəstəkləyib.
Qanunun qüvvəyə minməsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək? Bu barədə Kvemo Kartlinin vətəndaş sektoru nümayəndələri danışırlar. QvemoQartli.ge həmin məqalələr silsiləsini bu ay ərzində sizə təqdim edəcək.
Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının Rustavi ofisinin rəhbəri Natia Kokiaşvili qeyd edir ki, “agentlər haqqında” qanunun demokratik dəyərlər ilə heç bir əlaqəsi yoxdur.
“Bu qanun söz azadlığını boğmaq üçün avtoritar vasitədir. Təşkilatımız 30 ilə yaxındır ki, əsas insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət göstərir. Vətəndaşların ifadə və söz azadlığı hüquqlarının müdafiəsi üçün milli və ya beynəlxalq səviyyədə bir çox işlər aparılıb. Ona görə də bu qanunun işlədilməsi GGHA-nın fəaliyyətinə mənfi təsir göstərir. Çünki bu qanun bizim beynəlxalq dostlarımıza qarşı yönəlib, ABŞ və Avropa İttifaqını düşmən elan edib, onların dəstəyi ilə uzun illərdir insan hüquqlarını qoruyuruq.
Qeyd olunan qanun təşkilatın cəmiyyətdəki fəaliyyətini gözdən salır ki, bu da birmənalı olaraq inamsızlıq yaradacaq və tam xidmət göstərilməsi prosesinə mane olacaq. Bu, həmçinin, GGHA-nın uzunmüddətli seçki müşahidə missiyasının həyata keçirilməsinə təhlükə yaradacaq” – Natia Kokiaşvili, Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının Rustavi ofisi.
Kokiaşvili onu da qeyd edir ki, qanun Gürcüstanı Avropa İttifaqına üzv olmaq perspektivindən məhrum edir:
“Bu qanun söz azadlığını boğmaq üçün rus vasitəsidir. Bu qanunla hökumətin istənilən təşkilatı/şəxsi onların fəaliyyəti qeyri-mümkün hala gələnə qədər dəfələrlə və istənilən məbləğdə cərimələmək imkanı var. Bu qanunun qəbulu əhalinin parçalanmasına və qarşıdurmasına xidmət edir, ölkənin Avropalı gələcəyinə xələl gətirir, söz azadlığını, müstəqil medianı, vətəndaş təşkilatlarını ləğv edir. Ən vacibi odur ki, bu qanunun qəbulu ölkəni Avropa İttifaqına daxil olmaq perspektivindən məhrum etdi və dostları olmadan Rusiya qarşısında müdafiəsiz qalır” – Natia Kokiaşvili, GGHA.
“Agent” kimi qeydiyyatdan keçmək ilə bağlı Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının cavabı belədir:
“GGHA mübarizəni dayandırmır və həmin qanunun tələblərinə tabe olmaq fikrində deyil. GGHA “rus qanunları”nın qaydaları altında yaşamağa davam etməyəcək, ona görə də qanun qeyd-şərtsiz ləğv edilənə qədər onun fəaliyyətinə mane olmaq üçün bütün daxili və beynəlxalq mexanizmlərdən istifadə edəcəyik.
Bu qanunun tətbiqi ilə GGHA-nın mövcudluğu və fəaliyyəti təhlükə altına düşür, biz onu imzalamayacağıq” – Kokiaşvili.
Natia Kokiaşvili GGHA-nın fəaliyyətini diqqətə yetirir və həmçinin, təşkilatın mühüm nailiyyətlərindən danışır:
“Bizim təşkilat demokratik dəyərlərin daşıyıcısı olub və indi də belədir. Daim insan hüquqlarının keşiyində dayanır, ləyaqətli, ədalətli və bərabər mühitin yaradılması üçün daim mübarizə aparır. GGHA mövcud olduğu müddətdə həm milli, həm də beynəlxalq səviyyədə 1 300 000 vətəndaşa ixtisaslı pulsuz hüquqi yardım və məsləhətlər göstərmişdir”
Gürcüstan hakimiyyəti yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının tənqidinə baxmayaraq bildirir ki, qanunun məqsədi yalnız vətəndaş sektorunun maliyyə şəffaflığını təmin etməkdir.