Bu qanun ölkəni 90-cı illərə qaytarmağa cəhd göstərməkdir – Nəzərli İcma Mərkəzi
Gürcüstan Parlamenti vətəndaşların fəal etirazlarına və Qərb tərəfdaşlarının müraciətlərinə baxmayaraq, “Agentlər qanunu” kimi tanınan – “Xarici təsirin şəffaflığı” qanunvericilik təşəbbüsünü dəstəkləyib.
Qanunun qüvvəyə minməsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək? Bu barədə Kvemo Kartlinin vətəndaş sektoru nümayəndələri danışırlar. QvemoQartli.ge həmin məqalələr silsiləsini bu ay ərzində sizə təqdim edəcək.
Qardabani bələdiyyəsinin Nəzərli kəndində 2018-ci ildən İcma Mərkəzi fəaliyyət göstərir. Onun təsis edilməsi həmin kənd məktəbinin müəllimi Nübar Bayramovanın təşəbbüsü ilə əlaqədardır.
Nübar bu qanunun qəbul edilməsində 90-cı illərə qayıtmaq təhlükəsini görür.
“Mən müəlliməm və eyni zamanda icma təşkilatı təsis etmişəm. Gənclər üçün çoxsaylı layihələr yazıb, həyata keçirmişəm. Hər bir təlim və görüş çox mühüm idi.
Mənim fikrimcə, qeyd olunan qanun 90-cı illərə qayıtmağımız və informasiya vakuumunda olmağımız üçün nəzərdə tutulub. Vətəndaşlar Sovet dövründə olduğu kimi, vətəndaşlığını, dilini, dinini itirəcək.
Hamıya aydındır ki, bizim heç birimiz agentlər haqqında qanuna imza atmayacağıq. Bu deməkdir ki, məlumatlandırma və inteqrasiya ilə əlaqədar etdiyimiz hər şey dayandırılacaq” – Nübar Bayramova, Nəzərli İcma Mərkəzi.
Nəzərli İcma Mərkəzində qeyri-formal təhsil istiqamətində, yerli problemlər üzərində fəal olaraq işləyirlər. Mərkəzin təsisçisi indiyə kimi həyata keçirilmiş fəaliyyətlərin əhəmiyyəti haqqında danışır.
“Mən bu təşkilatı yaradanda yalnız oğlanlar gəlirdilər. İndi 30-a yaxın fəal qız var, bütün görüşlərdə iştirak edirlər. Çoxsaylı fəallarımız var, onlar artıq tələbədirlər” – Nübar Bayramova, Nəzərli İcma Mərkəzi.
Qeyd olunan qanun haqqında beynəlxalq hüquq müdafiə təşkilatları da qiymətləndirmə ediblər. Onlardan biri ATƏT/ODİHR-dir. Onların bəyanatına görə, vətəndaş cəmiyyəti və media vasitələrini “xarici qüvvə maraqlarının daşıyıcısı olaraq tanıyan” qanun beynəlxalq qanunvercilikdə insan hüquqlarının tətbiq edilmiş ciddi tələblərinə uyğun deyil.
Bəyanatda yazılıb:
“ODİHR-in təhlili, həmçinin, Gürcüstanda yeni qanunla bağlı qeyd edilən, yeni qəbul edilmiş qanunla digər ölkələrin qanunvericiliyi arasında əsas fərqləri diqqətə yetirir. Məsələn, Amerika Birləşmiş Ştatlarının Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) və ya Avstraliyanın Xarici Təsir Şəffaflıq Sxemi Aktı çox fərqli məqsədləri və əhatə dairəsi baxımından əsaslı şəkildə fərqlənir. Bu qanunlar xarici hökumətlərin adından vəkillik və ya lobbiçiliklə birbaşa məşğul olan özəl şirkətlərin və ya qeyri-kommersiya təşkilatlarının ictimai qeydiyyatdan keçməsini təmin etmək məqsədi daşısa da, o bütün vətəndaş cəmiyyətinə və ya mediaya sadəcə xaricdən maliyyə aldıqları üçün xarici agent damğası yapışdırmır”.
Gürcüstan hakimiyyəti isə bütün bunların baş verdiyi vəziyyətdə bildirir ki, qanunun məqsədi yalnız vətəndaş sektorunun maliyyə şəffaflığını təmin etməkdir.