ABŞ, Danimarka, Avropa İttifaqı – “Rus qanunu” nəticəsində tərəfdaşlar Gürcüstan hökumətinə maddi dəstəyi dayandırırlar
Parlament tərəfindən may ayında qəbul edilmiş “agentlər qanunu” beynəlxalq tərəfdaşların Gürcüstana yardımları dayandırmasına səbəb olub.
Amerika Birləşmiş Ştatları Gürcüstan üçün 95 milyon dollardan artıq yardımı dayandırıb. Bu barədə Dövlət Departamenti tərəfindən yayımlanan, ABŞ-ın dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir:
“Mayın 23-də Gürcüstan hakimiyyətinin demokratiyaya zidd hərəkətlərindən sonra, ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığa hərtərəfli baxış keçirilməsini bildirdim. Bu müzakirə nəticəsində Amerika Birləşmiş Ştatları 95 milyon dollardan artıq yardımı dayandırır. Bu yardım birbaşa Gürcüstan hakimiyyətinə fayda verəcəkdi.
Gürcüstan hakimiyyətinin demokratiyaya zidd hərəkətləri və yanlış bəyanatları Avropa ittifaqı və NATO-ya üzvlük normalarına uyğun gəlmir. Həmin hərəkətlərə görə, Gürcüstan hakimiyyətinə yardımı dayandırdığımız zaman ABŞ gürcü xalqına fayda verəcək proqram, fəaliyyətlər ilə yardm göstərməyi davam etdirəcək. Bu faydalar demokratiya, qanun aliliyi, müstəqil media və iqtisadi inkişafın möhkəmlənməsində dəstək göstərəcək” – bəyanatda qeyd olunub.
Həmçinin, Entoni Blinken iki ölkə arasında uzunmüddətli dostluğu və Amerika tərəfinsən Gürcüstana göstərilən yardımın əhəmiyyətini diqqətə yetirir:
“Ölkələrimiz və vətəndaşlarımız arasında mövcud olan 32 illik dostluq və tərəfdaşlıq dövründə ABŞ Gürcüstanın iqtisadiyyatının və demokratik təsisatlarının inkişafına və möhkəmlənməsinə töhfə verməklə 6,2 milyard dollardan çox yardım göstərib.
Bizim dəstəyimiz Gürcüstan Müdafiə Qüvvələrini və Sahil Mühafizəsini təchiz etməyə və hazırlamağa, məktəblər, xəstəxanalar tikməyə, müəllimlər, dövlət məmurları, tibb mütəxəssisləri hazırlamağa kömək etdi.
Biz gürcü xalqına və onun Avroatlantik istəklərinə sadiq qalacağıq” – Entoni Blinken.
“Rus qanunu” Avropa İttifaqı tərəfindən də Gürcüstanın Avropa Birliyinə inteqrasiya yolunda geri atılmış addım kimi qiymətləndirilir.
Təşkilat Gürcüstanın müdafiəsini gücləndirmək üçün ayrılan 30 milyon avro məbləğində yardımı dayandırıb. Avropa İttifaqının səfiri Pavel Herçinski bildirib:
“Avropa İttifaqı Gürcüstana Avropa Sülh Fondundan (EPF) 2024-cü il üçün 30 milyon avro məbləğində dəstəyi dayandırıb. Vəziyyətin daha da pisləşəcəyi təqdirdə başqa ölçülər götürülməsi də müzakirə olunacaq… Gürcüstan hökumətinə birbaşa dəstəyimiz məhdudlaşdırılacaq və Gürcüstan hökumətinin birbaşa dəstəyini vətəndaş cəmiyyətinə və mediaya yönəltməyə çalışacağıq”- Pavel Herçinski.
Qeyd etmək lazımdır ki, 2021-ci ilin dekabrında Gürcüstan Müdafiə Qüvvələrinə dəstək üçün Avropa Sülh Fondundan 12 750 000 avro, 2022-ci ilin dekabrında 20 milyon, 2023-cü ilin mayında 30 milyon avro vəsait ayrılıb.
Həmçinin “Rus qanunu”nun qəbulundan sonra Danimarka Gürcüstanla 4 illik hərbi əməkdaşlığı dayandırıb. Yardım büdcəsi təxminən 71,5 milyon Danimarka kronu (28 milyon laridən çox) təşkil etmişdir.
Bu Danimarka Xarici İşlər Nazirliyinin müxalif deputat Teona Akubardiyanın sualına cavab olaraq göndərilən məktubundan aydın görünür.
“Danimarka Gürcüstan hökumətini Avro-Atlantika yoluna qayıtmağa və Danimarka ilə Gürcüstan arasında güclü ikitərəfli əlaqələrin əsasını təşkil edən Avropa İttifaqı islahatlarının gündəliyinə əməl etməyə çağırır” – Danimarka Xarici İşlər Nazirliyindən deputata göndərilmiş məktubda deyilir.