“Əgər bu qanun olacaqsa, o zaman biz olmayacağıq”
Gürcüstan Parlamenti vətəndaşların fəal etirazlarına və Qərb tərəfdaşlarının müraciətlərinə baxmayaraq, “Agentlər qanunu” kimi tanınan – “Xarici təsirin şəffaflığı” qanunvericilik təşəbbüsünü dəstəkləyib.
Qanunun qüvvəyə minməsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək? Bu barədə Kvemo Kartlinin vətəndaş sektoru nümayəndələri danışırlar. QvemoQartli.ge həmin məqalələr silsiləsini bu ay ərzində sizə təqdim edəcək.
Artıq uzun illərdir Tetritskaro bələdiyyəsində “Gürcüstan Vətəndaş Cəmiyyətinin İnkişaf Assosiasiyası (ACSDG)” fəaliyyət göstərir. Mülki, sosial və digər istiqamətlərdə həyata keçirilmiş bir çox layihələr həmin təşkilatın adı ilə bağlıdır.
“Əgər bu qanun olacaqsa, o zaman biz olmayacağıq” – Assosiasiyanın icraçı rəhbəri Quliko Şoşitaşvili “Xarici təsir şəffaflığı” haqqında qanunun qəbul edilməsinə belə münasibət bildirir və qeyd edir ki, bu qanunun məqsədi fərqli düşüncələri yox etməkdir:
“Bu qanun hər hansı mövzuda hakimiyyətdən fərqli fikri olan təşkilatların və şəxslərin hədələnməsinə, şantaj və susdurulmasına xidmət göstərir. Hakimiyyətə qarşı tənqidi yanaşan hər kəsə.
Bu qanunun məqsədi alternativ fikri məhv etmək və tək adamlıq hakimiyyət bərqərar etməkdir. Bu qanun Gürcüstanda ölkəni mütərəqqi dünyadan təcrid vəziyyətinə salan və oliqarxik idarəçiliyi, qeyri-şəffaf, nəzarətsiz büdcə xərclərini, şaquli idarəetməni təşviq edən, rus tipli idarəetmənin qurulmasına xidmət edir. Müvafiq olaraq, sivilliyin göstəricisi bütün dövlət institutlarının dağılması və sonda diktator Rusiyanın müstəmləkə kimi formalaşmasıdır” – Quliko Şoşitaşvili, “Gürcüstanın Vətəndaş Cəmiyyətinin İnkişaf Assosiasiyası” (ACSDG).
Quliko Şoşitaşvili bildirir ki, onun təşkilatı “bəyan edilmiş məqsədlərə doğru gedən yolda yerli, eləcə də mərkəzi hakimiyyətlə fəal əməkdaşlıq edəcək.”
Əlavə edir:
“Bizim son layihəmiz Kodanın məcburi köçkünlər qəsəbəsində içməli suyun əlçatanlığı ilə bağlı təbliğat aparmaq idi. İçməli su təchizatı hökumətin məsuliyyətidir, elə deyilmi? Öz yurd-yuvasından məcburi köçkün düşmüş insanların, müharibədən ikinci və üçüncü dəfə qaçan bəzi ailələrin 16 ildir susuz yaşaması və bunun həlli üçün heç nə etməməsi/edə bilməməsi nə dərəcədə normaldır? İnsanların su alması üçün çalışan bir adam ortaya çıxırsa, bu yad ölkənin maraqlarını daşımaq, yoxsa onların yaşam hüquqlarını qorumaqdır? Qoy hakimiyyət mənə cavab versin!
Əsas nailiyyətimiz ondan ibarətdir ki, biz vətəndaşların mənafeyini qoruyan, müstəqil, minimum maliyyə ilə, dövlət dəstəyi olmadan fəaliyyət göstərən təşkilat modelini yaratmışıq. Bələdiyyədə konstruktiv müxalifət mədəniyyətini tətbiq etmək, bunu öz fəaliyyətimizlə nümayiş etdirmək və onun yaradılması üçün çoxlu cəhdlər etmək bizim xidmətimizdir” – Quliko Şoşitaşvili, “Gürcüstanın Vətəndaş Cəmiyyətinin İnkişaf Assosiasiyası” (ACSDG).
Siyasət tədqiqatçıları qanunun yaratdığı riskləri və onun yarada biləcəyi vəziyyəti fəal şəkildə müzakirə edirlər. “Rondelli Fondu”nun tədqiqatçısı Nino Maçaraşvili məsələni araşdırır və qanunun fəsadlarından, nəticələrindən yazır. Vəziyyəti təhlil etdikdən sonra belə bir qənaətə gəlirik ki, qanun qəbul olunarsa, Gürcüstan daha Avropa İttifaqının namizəd statusu ilə birlikdə verdiyi tövsiyələri yerinə yetirə (9 addım), xüsusən, vətəndaş cəmiyyətinin azad fəaliyyəti üçün müvafiq mühitin yaradılmasını təmin etmək (9-cu addım) və Avropa İttifaqına, onun dəyərlərinə qarşı yönəlmiş dezinformasiyaya qarşı mübarizə apara (1-ci addım) bilməyəcək. Müvafiq olaraq, Gürcüstan Avropa İttifaqına üzv ola bilməz ki, bu da ölkə əhalisinin əksəriyyətinin istəyinə ziddir. “Xarici qüvvə maraqlarının daşıyıcısı” təşkilatı kimi qeydiyyatdan keçməyən qeyri-hökumət təşkilatları və media vasitələri fəaliyyətini dayandıracaq, qeydiyyatdan keçdikləri təqdirdə isə sərbəst, lazımı səviyyədə fəaliyyət göstərə bilməyəcəklər. Yüksək reputasiyaya malik qeyri-hökumət və media qurumlarının yoxa çıxması ilə Gürcüstan əhalisi, bir tərəfdən, indiyə kimi xarici donorların dəstəyi ilə əldə etdikləri faydanı itirəcək (pulsuz xidmətlər, təhsil proqramları, kiçik qrantlar, …), digər tərəfdən isə onlar daha aktual siyasi, iqtisadi və ya sosial məsələlərlə bağlı məlumat ala bilməyəcəklər. Bütün bunlar son nəticədə ölkədə insan hüquqlarının müdafiəsinin keyfiyyətini və demokratiyanın səviyyəsini xeyli pisləşdirəcək. Bu prosesin növbəti addımı, yəqin ki, qanunun fiziki şəxslərə şamil edilməsi və zamanında Rusiyada olduğu kimi, fərdlərin “agent” elan edilməsi olacaq.
Gürcüstan hakimiyyəti isə bütün bunların baş verdiyi vəziyyətdə bildirir ki, qanunun məqsədi yalnız vətəndaş sektorunun maliyyə şəffaflığını təmin etməkdir.