320 000 avro, 200 000 avro – Bolnisi bələdiyyəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələr

QvemoQartli.ge Bolnisi bələdiyyəsindən 2021-2024-cü illərdə Avropa İttifaqının həyata keçirdiyi layihələr haqqında məlumat istəyib.

Qurumdan verilən məlumata görə, Bolnisi bələdiyyəsi 2018-2021-ci illərdə Avropa İttifaqından “Bolnisidə biznes fəaliyyətinin effektiv platformasının yaradılması” layihəsi çərçivəsində qrant alıb.

“Layihə çərçivəsində: Tamaz Stepania adına küçənin bərpa işləri (kanalizasiya, səki, küçə işıqları, turistlər üçün nişanlar quraşdırılıb) aparılıb; Aqro mərkəz yaradılıb (müvafiq qurğularla təchiz edilmiş məkan yaradılıb); Turistlərin bələdiyyəyə cəlb edilməsinə kömək edən “Katerinenfeld” marketinq strategiyası hazırlanıb; Turizm sahəsi ilə məşğul olan fermerlər və sahibkarlar üçün treninqlər keçirilib” – Bolnisi meriyası.

Avropa İttifaqı “Bolnisidə biznes fəaliyyətinin effektiv platformasının yaradılması” layihəsinə 320 000 avro ayırıb. Yerli bələdiyyənin qarşılıqlı maliyyəsindən sonra isə layihənin tam büdcəsi 380 000 avro təşkil edib.

Bolnisi meriyasının haqqında məlumat verdiyi ikinci layihə isə “Bolnisi modeli – yerli iqtisadi inkişaf üçün uğurlu nümunə” layihəsidir.

Bələdiyyə həmin layihəni 2022-ci ilin 1 fevralından, tərəfdaş təşkilat CURSUS ilə birlikdə həyata keçirməyə başlayıb.

Layihənin məqsədi belə idi:

  • Kənd təsərrüfatı məhsulları, dənli bitkilər, süd məhsulları və şərabın keyfiyyətinə nəzarət vasitəsilə yerli biznes fəaliyyətinin yaxşılaşdırılması;
  • Texniki vasitələr, bacarıqlar, bilik və potensialın yaradılması vasitəsilə kənd təsərrüfatı istehsalının dəyər zəncirində və turizmdə iştirak edən bütün insanların, biznesin iqtisadi aktivliyi və sosial iştirakının təkmilləşdirilməsi;
  • Biznesin innovativ stimullaşdırılması tədbirlərinin hazırlanması və həyata keçirilməsi, özəl, dövlət tərəfdaşlığı modellərinin tətbiqi, monitorinqi üçün bələdiyyələrin gücləndirilməsi;
  • İqtisadi inkişafda yerli özünüidarəetmənin rolu haqqında digər bələdiyyələrin məlumatlılığının artırılması;
  • Bolnisi şəhərinin cəlbedici yaşayış və turizm məkanına çevrilməsi.

Bolnisi Aqro Mərkəzində keyfiyyətə nəzarət laboratoriyası istifadəyə verilmişdir ki, bu da dənli bitkilər, süd və şərab kimi kənd təsərrüfatı məhsullarının istehsal standartlarının təkmilləşdirilməsinə kömək edir; Yerli sahibkarlara öz məhsullarını rəqəmsal kanallarda yerləşdirmək və satışları artırmaq imkanı verən www.bolnisiagrocenter.ge onlayn platforması yaradılıb; Hava və iqlim məlumat xidmətlərinin göstərilməsi üçün aqrometeoroloji stansiya yaradılıb. Aqrometeoroloji stansiyadan alınan məlumatlar ilə gözlənilən yağıntının miqdarını, küləyin istiqamətini, küləyin sürətini, havanın rütubətini, barometrik təzyiqi və s. müəyyən etmək mümkündür; Layihənin sonunda forum təşkil olunub, orada nəticələr ümumiləşdirilib və yeni hədəflər qarşıya qoyulub” – Bolnisi meriyası.

Layihənin büdcəsi 250 000 avro idi. Bunun 200 000 avrosu Avropa İttifaqının qrantıdır, 50 000 avro isə Bolnisi meriyasının birgə maliyyələşdirməsidir. Layihə 2024-cü ilin yanvarında başa çatmalıdır.

QvemoQartli.ge