Qanun hakimiyyətə narahatlıq yaradan təşkilatları və insanları susdurmağa xidmət edir – “Nekeri”

Gürcüstan Parlamenti vətəndaşların fəal etirazlarına və Qərb tərəfdaşlarının müraciətlərinə baxmayaraq, “Agentlər qanunu” kimi tanınan – “Xarici təsirin şəffaflığı” qanunvericilik təşəbbüsünü dəstəkləyib.

Qanunun qüvvəyə minməsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək? Bu barədə Kvemo Kartlinin vətəndaş sektoru nümayəndələri danışırlar. QvemoQartli.ge həmin məqalələr silsiləsini bu ay ərzində sizə təqdim edəcək.

Qeyri-hökumət təşkilatları qanunun gözlənilən mənfi nəticələri və təhlükələri barədə fəal şəkildə danışırlar. Onların arasında Kvemo Kartlinin icma təşkilatı “Nekeri” də var.

Təşkilatın həmtəsisçisi Rozi Devnozaşvilinin sözlərinə görə, müxtəlif mövqelər və tənqidlər hakimiyyət üçün qəbuledilməzdir və bu qanunun məqsədi tənqidi fikirlər səsləndirən insanları susdurmaqdır:

“Əslində “rus qanunu” mərkəzi və ya yerli hakimiyyət orqanlarına narahatlıq yaradan təşkilatları və insanları susdurmağa, yox etməyə xidmət edir. Onların fəaliyyətləri ətrafında eşidilən hər hansı tənqidi fikir qərar qəbul edənlər üçün qəbuledilməzdir. Problemləri üzə çıxarmaq və çətinliklərin öhdəsindən gəlmək üçün tənqidə diqqətlə qulaq asmaq əvəzinə, əksinə, nöqsanlar barədə ucadan danışmağı qəbul etmirlər və onları mənfi kontekstdə agentlik fəaliyyəti kimi təqdim edirlər” – Rozi Devnozaşvili, “Nekeri”.

Kvemo Kartli icma təşkilatı “Nekeri” xarici təsir reyestrində qeydiyyatdan keçməyəcək:

“Biz hətta agent kimi qeydiyyatdan keçib-keçməməyi belə müzakirə etmirik. Ürəyini və ruhunu işə qoyanda, çox vaxt insanlara müsbət dəyişikliklər, uşaqların daha yaxşı gələcəyi üçün səsini çatdırmağa görə könüllü olaraq da işləyirsən və bu zaman, sən demə bu xarici bir ölkənin maraqlarını güdmək deməkdir.  Bu dəhşətli bir etiraz hissidir və biz özümüzə bu çox ədalətsiz damğanı yapışdırmağı düşünmürük”- Rozi Devnozaşvili, “Nekeri”.

“Nekeri” iki il əvvəl təsis edilib. Təşkilatın məqsədi valideynlərin uşaqların təhsilində iştirakını artırmaqdır.

Qanunun qəbulu onların fəaliyyətinin davam edib-etməyəcəyini sual altında qoyub:

“Nekeri” Kvemo Kartlidəki “Valideynlər Təhsil üçün” Valideynlər Assosiasiyasının fəaliyyətinin bir növ davamının olmasını istəyirdi.

Assosiasiyanın fəaliyyəti sayəsində bir çox valideynlər uşaqların təhsilində valideynlərin iştirakının nə demək olduğunu və bunun uşaqların sağlam inkişafı üçün niyə vacib olduğunu öyrəniblər. Nə qədər ki, assosiasiya var, Gürcüstanda şagird valideynlərinin səsi aydın eşidilir, biz valideynlər getdikcə güclənirik, amma gələcəkdə bu səsin təkrar eşidilib-eşidilməməsi məsələsi real təhlükə ilə üz-üzədir.

Maraqlar toqquşmasının qarşısını almaq üçün beynəlxalq təşkilatların qrantları ilə işləməyi düşünsək də, hələ ki, qrant şəklində, bir tetri belə maliyyə almamışıq. Bundan əlavə, beynəlxalq donor təşkilatları təşkilati inkişaf üçün daha geniş imkanlar yaradır. Yaradılan vəziyyətdən irəli gələrək,  “Nekeri”nin varlığı/inkişafı sual altındadır. Təhsil müəssisələrinin və valideynlərin bizim kimi təşkilatlarla əməkdaşlığını tədricən dayandırması real təhlükədir” – Rozi Devnozaşvili, “Nekeri”.

Rozi Devnozaşvili onu da bildirir ki, “rus qanunu”nun qəbulu nəticəsində valideynlər təhsil müəssisələrində öz fərqli fikirlərini səsləndirə bilməyəcəklər:

“Hakimiyyət elə bir şərait yaradır ki, biz cəmiyyət tərəfindən qəbuledilməz subyekt kimi qəbul olunuruq və onların nöqteyi-nəzərindən bizimlə münasibət hətta təhlükəlidir. Qeyd olunmalıdır ki, bu qanunun şərtləri ilə valideynlər artıq təhsil müəssisələrində fərqli fikirlər səsləndirə bilməyəcəklər. Bütün bunlar uşaq bağçalarının və məktəblərin inkişafına mane olacaq və yekun nəticədə dayandıracaq” – Rozi Devnozaşvili.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının tənqidlərinə baxmayaraq, Gürcüstan hökuməti qanunun məqsədinin vətəndaş sektorunun maliyyə şəffaflığını təmin etmək olduğunu iddia edir.