„ Biz rus qanunu əsasında yaradılmış xüsusi reyestrdə qeydiyyatdan keçməyəcəyik”
Gürcüstan Parlamenti vətəndaşların fəal etirazlarına və Qərb tərəfdaşlarının müraciətlərinə baxmayaraq, “Agentlər qanunu” kimi tanınan – “Xarici təsirin şəffaflığı” qanunvericilik təşəbbüsünü dəstəkləyib.
Qanunun qüvvəyə minməsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək? Bu barədə Kvemo Kartlinin vətəndaş sektoru nümayəndələri danışırlar. QvemoQartli.ge həmin məqalələr silsiləsini bu ay ərzində sizə təqdim edəcək.
Marneuli Mülki Məşğulluq və Aktivizm Mərkəzinin (CEAC) rəhbəri Rəşan Ziyadəliyev “xarici təsirin şəffaflığı qanunu”nun qəbul edilməsini ölkə üçün geri atılmış addım hesab edir. Onun sözlərinə görə, bu qanun demokratiya prinsiplərindən kənara çıxmağa bərabərdir.
“Rus qanunu”nun qəbul edilməsi bizim ölkənin demokratik inkişafı və Avropaya inteqrasiyası üçün geri atılmış addımdır. Bu qanunun məqsədi media və azad vətəndaş cəmiyyətinə damğa vurmaqla fərqli fikri susdurmaq və bizim ölkənin demokratik, iqtisadi, sosial inkişafı üçün çalışan birlikləri məhv etməkdir. Rusiyada baş vermiş repressiv tədbirləri əks etdirən bu qanun Avropa İttifaqının təməlini qoyan demokratik prinsiplər və dəyərlərdən uzaqlaşmanı ifadə edir. Qanun Gürcüstanın güclü vətəndaş cəmiyyəti quruculuğunda və insan hüquqlarının müdafiəsində irəliləyişini təhlükə altına qoyur” – Rəşan Ziyadəliyev, Mülki Məşğulluq və Aktivizm Mərkəzinin (CEAC)
Ziyadəliyev Venesiya Komissiyasının çıxardığı nəticəni də diqqətə yetirir:
“Avropanın Ali Ekspert Qurumu olan Venesiya Komissiyası birmənalı olaraq bəyan edib ki, “rus qanunu” Avropa İttifaqının normalarına uyğun deyil və ləğv edilməlidir. Bu qiymətləndirmə Avropa İttifaqının, Birləşmiş Millətlər Təşkilatının, NATO-nun, Amerika Birləşmiş Ştatlarının və Gürcüstanın dərin narahatlığını ifadə edən digər beynəlxalq tərəfdaşlarının mövqeləri ilə üst-üstə düşür. Onlar qanunu avtoritar adlandırıblar” – Rəşan Ziyadəliyev, Mülki Məşğulluq və Aktivizm Mərkəzinin (CEAC)
Bu təşkilat artıq bir neçə ildir ki, Marneulidə fəaliyyət göstərir və etnik azlıqların hüquqlarının müdafiəsi, onların gücləndirilməsi və qərarların qəbulu prosesində iştirakının artırılmasına xidmət edir.
“Qanun layihəsi vətəndaş cəmiyyəti təşkilatları və Gürcüstanın demokratik inkişafı üçün bir sıra ciddi təhlükələr yaradır. Bu hökumətin hesabatlılığı və şəffaflığın təşviqi üçün vacib olan vətəndaş cəmiyyəti təşkilatlarının roluna çox mənfi təsir göstərir. Yuxarıda adı çəkilən “rus qanunu” bizim reputasiyamıza böyük zərbə vuracaq, maraqlı tərəflərimizin etibarını azaldacaq və tərəfdaşlar, icmalar ilə əlaqə saxlamaq imkanlarımızı məhdudlaşdıracaq. Üstəlik, bu fəaliyyətimizi məhdudlaşdıracaq, potensial olaraq özünüsenzuraya məcbur edəcək və nəticədə ləğvə səbəb olacaq”- Rəşan Ziyadəliyev, Mülki Məşğulluq və Aktivizm Mərkəzinin (CEAC)
Marneuli Mülki Məşğulluq və Aktivizm Mərkəzinin xüsusi reyestrdə qeydiyyatdan keçib-keçməyəcəyi ilə bağlı sualın cavabı belədir:
“Rus qanunları əsasında yaradılmış xüsusi reyestrdə qeydiyyatdan keçməyəcəyik. Bu qərar bir sıra kritik mülahizələrə əsaslanır. Birincisi, bu qanun əsasında Ədliyyə Palatasının xüsusi reyestrində qeydiyyatdan keçmək təşkilatımızın müstəqil və səmərəli işləmək imkanlarını əsaslı şəkildə sarsıdır.”Rus qanunu” gücləndirilmiş hökumət nəzarəti altında ağır hesabat tələbləri qoyaraq vətəndaş cəmiyyəti təşkilatlarını ləkələmək üçün nəzərdə tutulub. Reyestrdə qeydiyyat bizim kimi təşkilatları qanuniləşdirmək və nəzarət etmək üçün daha geniş strategiyanın bir hissəsidir. İkincisi, qeydiyyatın nəticələri təşkilatımızın reputasiyasına xələl gətirəcək” – Rəşan Ziyadəliyev, Mülki Məşğulluq və Aktivizm Mərkəzinin (CEAC)