Müstəqil məhkəmə və seçkilər arasında nə əlaqə var?

Bu məqalədə seçki səsinizin həqiqətən də “səs” olması üçün məhkəmənin və ümumilikdə ədalət mühakiməsi sisteminin müstəqilliyinin nə qədər mühüm rol oynadığını izah etməyə çalışacağıq.

Sadə şəkildə desək, siyasi təsirlərdən müstəqil ədalət mühakiməsi sistemi ölkədə ədalətli seçkilərin ən mühüm təminatlarından biridir.

 Niyə?

 Seçki hüquqları ilə bağlı şikayətlər və iddialara səmərəli baxılması, eyni zamanda vətəndaşın səsvermə və seçkilərdə namizəd kimi iştirak etmək fərdi hüququnun qorunması üçün olduqca vacibdir.

Ən əsası isə, yalnız müstəqil məhkəmənin ədalətli qərarları dövlətin seçki prosesini idarə etməsinə inam yarada bilər. Bu, ədalətli seçki prinsipi üçün çox vacibdir.

“Gürcüstan Konstitusiyasına görə, hakimiyyətin mənbəyi xalqdır və dövlət orqanlarının formalaşmasında xalqın seçimi həlledicidir. Vətəndaşın siyasi iradəsinin seçkilərin nəticələrində öz əksini tapması üçün  məhkəmə və ədalət mühakiməsi orqanları  azad, bərabər və şəffaf seçki mühitini təmin etməlidir” – İnsan Hüquqları Mərkəzinin (İHM) hüquq məsələləri üzrə direktor müavini Nestan Londaridze qeyd edir.

Londaridze illərdir seçki məntəqələrinin monitorinqində birbaşa iştirak edir  və oradakı pozuntuları şikayət edir. O, bizə bildirir ki, seçki mübahisələrinə baxılma standartı seçki mühitinə etimada təsir göstərir və əlavə olaraq qeyd edir ki, mübahisələrin şəffaf, vaxtında, qərəzsiz, qanun və prinsiplər əsasında həlli ölkənin demokratik inkişafı üçün ən vacib məsələdir.

“Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatının  baş hüquqşünası və seçki layihəsinin koordinatoru Gigi Çixladzedən seçkiqabağı və ya seçkidən sonrakı dövrdə yaxşı məhkəmənin necə olduğunu soruşduq.

Çixladze cavabında qeyd edir ki, yaxşı məhkəmə hakimiyyətin digər qollarının bunu etmək niyyəti və istəyində olub-olmamasından asılı olmayaraq qanunun aliliyini təmin edir.  Yaxşı məhkəmə  hakimiyyətin qollarını məcbur edir ki, qanunun aliliyi qorunsun. Bütün bunlar isə nəticə etibarilə ölkədə qütbləşməni və siyasi gərginliyi azaldır, ölkəmizin demokratikləşmə yolunda bizə daha çox sabitlik verir.

Gürcü hüquq ekspertləri məhkəmə ilə əlaqədar hansı problemləri görürlər?

Klan idarəçiliyinin təsiri: “Artıq ictimaiyyətə yaxşı məlumdur ki,  Gürcüstan məhkəmə sistemində  məhkəmənin müstəqilliyinə daxildən təhlükə yaradan “klan” idarəçiliyi və qeyri-rəsmi təsirlər mövcuddur və bunun, digər məsələlərlə yanaşı, seçki prosesi və seçki mübahisələri ilə birbaşa əlaqəsi var,” – Sosial Ədalət Mərkəzinin (SJC) Ədalət və Demokratiya Proqramının tədqiqatçısı Ana Papuaşvili deyir.

Ana Papuaşviliyə ünvanladığımız “Klanla nə əlaqəsi var?” sualını belə cavablandırdı.

“Seçki mübahisələrinə məhkəmənin hansı tərkibi baxacağı qərarını Ali Ədliyyə Şurası və ya konkret məhkəmənin sədri (bəzən birgə kollektivlə) qəbul edir. Cəmiyyət uzun müddətdir ki, bir tərəfdən Ali Ədliyyə Şurasında mövcud olan  qeyri-rəsmi hakimiyyəti, digər tərəfdən isə məhkəmə sədrlərinin problemli səlahiyyətlərini görür. Bunu nəzərə alsaq, seçki mübahisələrinə hansı növ hakimin baxacağını və  buna uyğun olaraq məhkəmə tərəfindən seçki mübahisələri ilə bağlı nəticənin nə olacağını əvvəlcədən təyin etmək ehtimalı çox yüksəkdir ”

Qərarların vertikalığı: “Seçki şikayətlərinə tendensiyalı və qərəzli baxılır” – Eka Kobesaşvili (İHK) seçki dairələrində şikayətlərə baxılmasını belə qiymətləndirir və onun fikrincə, bu, zərərli standarta çevrilib. “Seçki dairələri hətta aşkar, göz qabağında baş verən pozuntulara belə reaksiya vermir və şikayətləri təmin etmirlər. Təəssüf ki, eyni  vəziyyəti həm şəhər, həm rayon məhkəmələri, həm də bizim təcrübəmizdə Apellyasiya Məhkəməsi bölüşür və video sübutlarla təsdiqlənən çox mühüm seçki pozuntularına belə heç bir reaksiya vermirlər.

 Siyasi təzyiq: “Açıq-aşkardır ki,  siyasi cəhətdən həssas məsələlərdə qanuna uyğun qərar qəbul etmək üçün siyasi iradə yoxdur. Seçkilər açıq şəkildə siyasi cəhətdən həssas məsələdir və  reallıq ondan ibarətdir ki, çox vaxt məhkəmənin seçki mübahisələrinə baxması son dərəcə formal xarakter daşıyır və məhkəmənin çıxaracağı son qərar heç vaxt hakim partiyanın maraqlarına zidd olmur.”- Hüquqşünas Qiqi Cxaladze qeyd edir.

Hüquq ekspertləri 2022-ci ilin dekabrında seçki qanunvericiliyinə edilən dəyişikliklərlə bir hissəsi  aradan qaldırmalı olan digər çatışmazlıqları da qeyd edirlər. Düzəlişlər Venesiya Komissiyasının və ATƏT/DTİHB-nin tövsiyələri nəzərə alınmaqla parlament qrupu tərəfindən Avropa Komissiyasının Gürcüstan hökumətindən Aİ üzvlüyünə namizəd statusu almaq üçün 12 şərti yerinə yetirməsini tələb etdikdən sonra hazırlanıb.

Bu məqalə On.ge tərəfindən USAID-in Qanunun Aliliyi Proqramının dəstəyi ilə hazırlanıb. Proqram ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilir. On.ge məqalənin məzmununa görə tam məsuliyyət daşıyır və məqalədə ifadə olunan fikirlər yuxarıda qeyd olunan beynəlxalq təşkilatların fikirlərini əks etdirməyə bilər.