“Bu qanun qüvvəyə minərsə bizim təşkilat fəaliyyətini tam dayandıracaq” – Tetritskaro Gənclər Mərkəzi

Gürcüstan Parlamenti vətəndaşların fəal etirazlarına və Qərb tərəfdaşlarının müraciətlərinə baxmayaraq, “Agentlər qanunu” kimi tanınan – “Xarici təsirin şəffaflığı” qanunvericilik təşəbbüsünü dəstəkləyib.

Qanunun qüvvəyə minməsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək? Bu barədə Kvemo Kartlinin vətəndaş sektoru nümayəndələri danışırlar. QvemoQartli.ge həmin məqalələr silsiləsini bu ay ərzində sizə təqdim edəcək.

Tetritskaro Gənclər Mərkəzinin təsisçisi və rəhbəri Lusine Dostibeqyanın bildirdiyinə görə, “Rus qanunu” qüvvəyə minərsə mərkəz fəaliyyətini dayandıracaq.

“Şəffaflıq qanunu dedikləri qanun qüvvəyə minərsə bizim təşkilat,  “Tetritskaro Gənclər Mərkəzi” fəaliyyətini tamamilə dayandıracaq. Çünki bizim həyata keçirdiyimiz bütün layihələrin maliyyə dəstəkçiləri donor təşkilatlardır” – Lusine Dostibeqyan, Tetritskaro Gənclər Mərkəzi.

O, həmin qanunun yaradacağı, gözlənilən digər mənfi nəticələrdən söhbət açıb:

“Bu qanun bir tərəfdən vətəndaş cəmiyyəti sektorunda işləyən üzvlərə damğa vurulmasına səbəb olur ki, guya onlar xarici ölkə maraqlarının daşıyıcısıdırlar. Digər tərəfdən isə ictimai təşkilatların zəifləməsinə və gələcəkdə məhv edilməsinə səbəb olacaq” – Lusine Dostibeqyan.

“Rus qanunu” qüvvəyə mindikdən sonra qeyri-hökumət təşkilatları “agent” olaraq qeydiyyatdan keçəcəklərmi – aktual suallardan birinə Tetritskaro Gənclər Mərkəzi cavab verir:

“Qeydiyyatdan keçməyi düşünmürük, prinsip məsələsidir.”

Tetritskaro Gənclər Mərkəzi rəsmi olaraq 2016-cı ilin 16 noyabrında yaradılıb. Mərkəzin nümayəndələri gənclərin qeyri-formal təhsili və bələdiyyənin ehtiyacları ilə bağlı aktiv fəaliyyət göstərirlər.

Mərkəzin demək olar ki, bələdiyyənin bütün kəndləri ilə şəbəkəsi var.

Onlar artıq çox sayda mühüm layihələr həyata keçiriblər.

Həyata keçirilən layihələrin siyahısı təsir edicidir:

– COVİD-19 karantini ilə əlaqədar mövzularda humanitar yardım;

– “Alaqt hambavi” – Tetritskaro bələdiyyəsindəki məntəqələrin/ərazilərin toponimlərinin araşdırılması;

– Ətraf mühit üçün gənclərin gücləndirilməsi;

– Dəyişikliklər bizim əlimizdədir – etnik azlıq gənclərinin hüquqi və ictimai aktivizm istiqamətində gücləndirilməsi;

– Avropa İttifaqının monitorinq missiyasından maşın ianə etmək imkanı;

– “Qartal yuvası” sosial müəssisə;

– Kənd ambulatoriyasının təchizatı;

– Samşvilde kəndində su hovuzunun rekonstruksiyası;

Təsisçi Lusine Dostiqebyan mərkəzin nailiyyətlərindən danışan zaman qeyd edib ki, onların həyata keçirdiyi müxtəlif layihələr Tetritskaro bələdiyyə sakinlərini gücləndirib.

“Bizim layihələrimiz ilə gənclərin və bələdiyyə sakinlərinin gücləndirilməsini uğur hesab edirik” – Dostibeqyan.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının tənqidinə baxmayaraq Gürcüstan hakimiyyəti qanunun məqsədinin yalnız vətəndaş sektorunun maddi şəffaflığını təmin etmək olduğunu bildirir.