“Bu qanun hökuməti tənqid edən birliklərə və mediaya mənfi təsir göstərəcək”

Gürcüstan Parlamentinin mayın 14-də qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun Venesiya Komissiyasının sərt tənqidinə məruz qalıb.

Mayın 21-də dərc olunan nəticəyə görə, qanun “demokratik cəmiyyətdə qanunilik, leqitimlik, mütənasiblik və zərurət tələblərinə” cavab vermir.

“Şəffaflıq məqsədi daşıyan qanun, vəsaitlərinin cüzi bir hissəsini də xaricdən alan birlikləri və medianı ləkələmək, susdurmaq və nəticədə ləğv etmək riski ilə əks effekt verir. Bu qanunun hakimiyyəti tənqid edən birliklərə və mediaya mənfi təsir göstərməsi riski güclüdür. Onların ləğvi açıq, məlumatlı ictimai müzakirələrə, plüralizmə və demokratiyaya mənfi təsir göstərəcək.

“Venesiya Komissiyası Gürcüstan hakimiyyətinə qəti şəkildə tövsiyə edir ki, xaricdən dəstək alan vətəndaş cəmiyyəti təşkilatları, onlayn media və yayımçıların qeydiyyatı, hesabatı və xüsusi ictimai açıqlama rejimindən, o cümlədən inzibati sanksiyalardan imtina etsin” – sənəddə deyilir.

Nəticə müəllifləri qeyd edirlər ki, sözügedən qanun Konvensiyanın aşağıdakı maddələrinə ziddir:

  • Şəxsi həyatın toxunulmazlığı hüququ;
  • İfadə azadlığı;
  • Toplaşmaq və birləşmək azadlığı;
  • Ayrı-seçkilikdən müdafiə hüququ;

Nəticədə o da qeyd olunub ki, “Xarici təsirin şəffaflığı haqqında qanun”un qəbulu gürcü xalqının böyük bir hissəsinin maraqlarına etinasız yanaşma fonunda baş verib:

“Venesiya Komissiyası narahatdır ki, insan haqlarına həssas yanaşan bu qanun Gürcüstan cəmiyyətində də çox mübahisəlidir, bunu ölkədəki kütləvi reaksiyalar da göstərir. Bu qanun dürüst müzakirələrə və məzmuna yer qoymayan prosedur, məsləhətləşmələr  ilə gürcü xalqının böyük bir hissəsinin narahatlığına açıq-aydın məhəl qoymadan qəbul edilib.  2023-cü ildə oxşar qanun layihəsinə verilən cavab onun qəbulu ilə bağlı qütbləşməni göstərdiyi üçün bu daha da təəssüf doğurur. Beləliklə, qanun layihəsinin təsirinə məruz qalan maraqlı tərəflərlə, xüsusən də vətəndaş cəmiyyəti təşkilatları, onlayn media qurumları və televiziyalar ilə əhəmiyyətli məsləhətləşmələrə ehtiyac var. Bu istehsal forması demokratik qanun yaradıcılığının Avropa tələblərinə cavab vermir”.

Qeyd edək ki, Venesiya Komissiyasının əsas məsləhəti qanunu ləğv etməkdir:

“Venesiya Komissiyasının qəti tövsiyəsi qanunu indiki formada ləğv etməkdir, çünki onun əsas çatışmazlıqları birləşmək və ifadə azadlığı, şəxsi toxunulmazlıq hüququ, ictimai işlərdə iştirak hüququ və ayrı-seçkiliyin qadağan edilməsi üçün əhəmiyyətli mənfi nəticələrə səbəb olacaqdır. ” Yekun nəticədə, bu açıq, məlumatlı ictimai müzakirələrə, plüralizmə və demokratiyaya təsir edəcək”.

Həmçinin, 25 səhifəlik yekun nəticədə oxuyuruq:

“Venesiya Komissiyası Parlament Assambleyasının Prezidenti və Avropa Şurasının baş katibinin çağırışına baxmayaraq, Gürcüstan Parlamentinin “agentlər haqqında qanun” qəbul edilənə qədər onların rəyini gözləmədiyindən narahatlığını ifadə edir.

Komissiya həmçinin, Gürcüstan cəmiyyətində insan haqlarına həssas olan, eyni zamanda çox mübahisəli olan və ölkədə baş verən kütləvi nümayişlərlə sübut edilən bu qanunun xalqın böyük bir hissəsinin narahatlığına açıq şəkildə məhəl qoymadan, dürüst müzakirələrə, məzmuna yer qoymayan prosedur, məsləhətləşmələr  ilə  qəbul edilməsindən narahatlığını ifadə edir.”

Avropa Parlamentinin deputatı Petras Austreviçus sözügedən nəticəyə belə münasibət bildirib:

“Venesiya Komissiyası belə qənaətə gəlir ki, Gürcüstanda qəbul edilmiş “Xarici agentlər haqqında” qanunla müəyyən edilmiş məhdudiyyətlər “Avropa İnsan Hüquqları Konvensiyası” və “Mülki və Siyasi Hüquqlar haqqında Paktda” müəyyən edilmiş ciddi meyarlara uyğun gəlmir,  demokratik cəmiyyətdə qanuniliyin, leqitimliyin tələblərinə cavab vermir. Bu Rusiya qanunudur!”

Avropa Komissiyası 1990-cı ildə demokratiyanı ədalət vasitəsilə qorumaq üçün yaradılıb. O, Avropa Şurasının müstəqil məsləhət orqanıdır.

Komissiyada 61 ölkə var – Gürcüstan da onların sırasındadır.

QvemoQartli.ge