Bu qanun Gürcüstan üçün böyük utancdır –Yeni Düşüncə İnstitutu
Gürcüstan Parlamenti vətəndaşların fəal etirazlarına və Qərb tərəfdaşlarının müraciətlərinə baxmayaraq, “Agentlər qanunu” kimi tanınan – “Xarici təsirin şəffaflığı” qanunvericilik təşəbbüsünü dəstəkləyib.
Qanunun qüvvəyə minməsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək? Bu barədə Kvemo Kartlinin vətəndaş sektoru nümayəndələri danışırlar. QvemoQartli.ge həmin məqalələr silsiləsini bu ay ərzində sizə təqdim edəcək.
Kvemo Kartli regionunda ən fəal təşkilat “Yeni Düşüncə İnstitutu” bu qanunu maneçilik faktoru olaraq hesab edir.
Təşkilatın həmtəsisçisi Ariz Daşdəmirov bildirir ki, agent statusunun verilməsi regionda işləyən təşkilatlara mühüm problemlər yaradacaq:
“Bu qanunun qəbul edilməsi qalan təşkilatlar kimi bizim təşkilatın fəaliyyətinə də mənfi təsir göstərəcək. Ən əsası odur ki, bu qanun biz və bizim kimi digər təşkilatların heyətini agent adlandırır. Bu həmin adamlar üçün çox pis aspektdir. Xüsusilə də regionda yaşayan və işləyən adamlar üçün, çünki mərkəzdən fərqli olaraq regionlarda işləmək daha çətin, maneələrlə doludur. Düşünürəm ki, bu adamların “xarici təsir agenti” adlandırılması çox ədalətsizdir. Söhbət bu qədər çətinlik və maneəyə baxmayaraq, yenə də bu ictimiayyət üçün hansısa yaxşı iş görməyə çalışan adamlardan gedir” – Ariz Daşdəmirov, Yeni Düşüncə İnstitutu.
Daşdəmirov bildirir ki, “Şəffaflıq qanunu”nun əsas məqsədi vətəndaş cəmiyyətini zəiflətməkdir.
“Qanunun təşəbbüskarları qeyd edirlər ki, bu qanun şəffaflığa xidmət göstərir. Amma insanlara və sistemə vətəndaşı onun fəlsəfi baxışlarına, cinsi istiqamətin görə cəzalandırmaq hüququ verən qanun utancdır. Bu tip qanun Gürcüstan üçün, demokratik və Avropalı dövlət üçün böyük utancdır. Qeyri-hökumət təşkilatlarının şəffaflığına gəldikdə isə biz bu günə qədər həyata keçirdiyimiz bütün layihələrin aktivlik fotolarını, videoçarxları (özünün qısa mətni ilə) öz veb-səhifəmizə yerləşdirmişik, izahat və maliyyə hesabatlarımızı da vermişik. Bütün yuxarıda qeyd olunan faktorlar vəziyyətində deyə bilərəm ki, bu qanun nəinki şəffaf deyil, hətta vətəndaş cəmiyyətinin zəiflədilməsinə xidmət göstərir” – Ariz Daşdəmirov, Yeni Düşüncə İnstitutu.
“Agent” olaraq qeydiyyatdan keçmək məsələsi ilə bağlı “Yeni Düşüncə İnstitutunda” hüquqşünaslar ilə müzakirə aparırlar:
“Bu istiqamətdə hüquqşünaslar ilə intensiv konsultasiyalar keçirik, bütün mümkün varinatı, alternativi, imkanı analiz edirik və çalışırıq hər bir gələcək addımımız üçün plan hazırlayaq. Biz təşkilatın idarəçi komandası olaraq hələ bu məsələ ilə bağlı konkret qərar qəbul etməmişik”- Ariz Daşdəmirov, Yeni Düşüncə İnstitutu.
Yeni Düşüncə İnstitutu (NTİ) 2015-ci ildə, Marneuli bələdiyyəsinin Mollaoğlu kəndində təsis edilib.
“Bizim təşkilatın 9 yaşı olacaq. Bu illər ərzində təşkilat, onun heyəti, könüllüləri fədakarcasına regionda vətəndaş cəmiyyətinin formalaşması üçün işləyirdilər. Eləcə də təşkilatın məqsədi icmadakı problemləri aradan qaldırmaq və təhsil səviyyəsini yaxşılaşdırmaq idi.
2022-ci ilin göstəricilərinə görə, təşkilatın pulsuz kurslarından faydalanmaq nəticəsində 100-dən artıq abituriyent universitetə uğurla qəbul olub, 30-a yaxın qadın isə öz işini qurub.
Təşkilat, onun filialları və icma şəbəkəsi kənddə yaşayan şagirdlərə, gənclərə fəallıq, inkişaf üçün yeganə imkandır. Onun bütün resursu (kompüterlər, kitabxana, printer, internet, məkan) icmanın bütün vətəndaşlarına əlçatandır” – Ariz Daşdəmirov.
QvemoQartli.ge